"Taksi sürücüsü axırda dedi ki, bunları məhv etmisən, daha nə lazımdır?" - MÜSAHİBƏ

10.12.2016 | 11563 dəfə oxunub

Çinin dünyada döyüş sənətlərinin beşiyi hesab olunması təsadüfi deyil. 400-dən çox kunq-fu stili, tarixi əsrlərə gedib çıxan döyüş texnikaları, fiziki və mənəvi təkmilləşməyə yönəldən məşq metodları bu ölkənin tarixi irsinin mühüm parçasıdır. Bu baxımdan Azərbaycanda son illər populyarlıq qazanmaqda olan Vinq Çun döyüş sənətini xüsusi qeyd etmək olar. Dünyaya Brüs Li, İp Man kimi ustalar bəxş edən Vinq Çunu Azərbaycana Asif Sayadov gətirib. Kunq- fu və Sanda üzrə 3 qat dünya çempionu "Goal.az" saytına sözügedən döyüş növü, şəxsi fəaliyyəti və həyatı barədə maraqlı müsahibə verdi.

- Vinq Çun döyüş sənətini başqa növlərdən fərqləndirən xüsusiyyətlər haqqında bilmək istərdik.

- Bu növ böyük fəlsəfəyə malikdir. Digər döyüş sənətlərindən əsasən bu cəhətinə görə fərqlənir. Öyrənilməsi rahat, effektiv texnikalarla zəngindir. Sırf özünümüdafiə üçün nəzərdə tutulması da Vinq Çunun fərqləndirici cəhətidir.

- Bu döyüş sənəti ilə sizi kim tanış edib?

- Vinq Çun üzrə bir sıra beynəlxalq seminarlarında iştirak etmişəm. Bir sıra ustaların təlim-məşqlərinə qatılmışam. Amma məni ilk dəfə dərslərinə cəlb edən "Böyük usta" Samuel Kvok olub. Onun sayəsində bu növün sirlərinə yiyələnmişəm.

- Karatedə idmançının stajından asılı olaraq müxtəlif rəngli kəmərlədən istifadə olunur. Vinq Çunda hansı sistem tətbiq olunur?

- Burda kəmər dərəcəsi yoxdur. Vinq Çun 10-12 səviyyədən ibarətdir. Hər səviyyəyə müvafiq olaraq dərəcələndirmə gedir. İlk 3 səviyyənin dərəcələri arasında 3-6 ay fasilə olmalıdır. Sonrakı 3 səviyyədə bu müddət 1-1.5 il təşkil edir.

- Ən yuxarı səviyyəyə çatmaq üçün nə qədər vaxt tələb olunur?

- Vinq Çunla ideal formada məşğul olan 7-10 ilə 10-cu səviyyəyə yetişə bilər. Daha sonra "grandmaster" səviyyəsi gəlir. Bunu keçməyə bəzən 25 il lazımdır. Lakin 5-ci səviyyəyə 3-4 ilə çatmaq mümkündür.

Azərbaycanda Vinq Çunun yeganə təmsilçisi və ustası mənəm

Asif Sayadov gənc mütəxəsis olsa da, məşqçi kimi öz sözünü artıq deyib. Onun 11 tələbəsi Kunq-fu və Sanda üzrə dünya çempionudur. Asif müəllim 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Şərq döyüş növləri üzrə “Respublikanın Əməkdar Məşqçisi” fəxri adına, 2014 –cü ildə Dünya Döyüş Sənətləri Birliyi tərəfindən beynəlxalq dərəcəli Usta adına layiq görülüb. Ondan Vinq Çunun ölkəmizdəki inkişaf tempi barədə maralqndıq.

- Bu növlə məşğul olmaq üçün müraciət edənlər çox olur?

- 2010-cu ilə qədər Vinq Çundan ölkəmizdə olduqca az insan xəbərdar idi. Aparılan işlər, intensiv çalışmalar nəticəsində artıq onlarla klubumuz var. Klubumuza qatılmaq istəyənlərin sayı da günü-gündən artır.

- Deyilənə görə, hətta xarici vətəndaşlar da sizin məşqlərə gəlir...

- Doğrudur. İsveçrə səfirliyinin nümayəndələri ilə məşqlərimiz olur. Eyni zamanda ölkəmizdə müxtəlif qurumlarda fəaliyyət göstərən Sinqapur, Çin, Yunanıstan, Fransa, Türkiyədən olan üzvlərimiz də var.

- Azərbaycanda sizdən başqa Vinq Çun ustası var?

- Bu döyüş sənətini 2008-ci ildə ölkəmizə mən gətirmişəm. Azərbaycanda Vinq Çunun yeganə təmsilçisi və ustası da mənəm.

- Tələbələrinizdən usta səviyyəsinə çatanlar var?

- Tələbələrimin içində beynəlxalq dərəcəli təlimatçı, müəllimlik səviyyəsinə çatanlar çoxdur. Onlar gələcəkdə "sifu", "usta" adına iddia edən idmançılardır. Məsələn, Hacızadə Elşən, Qurbanov Ayaz, Elsevər Zülfiyev, Əhmədov Rəşadı qeyd edə bilərəm.

Əfsanəvi Brüs Li Vinq Çun məktəbinin yetirməsidir

Vinq Çunun 18-ci əsrdə Şaolin məbədində Nq Mui adlı rahibə tərəfindən yaradılması rəvayət olunur. Şübhəsiz ki, bu döyüş sənəti çiçəklənmə dövrünü İp Manın zamanında yaşamışdı. Bir neçə dəfə Çinə səfər etmiş Asif müəllimdən onu da öyrənirik ki, İp Man Çində əsrlərlə mövcud olan stereotipi qıraraq əcnəbiləri də Vinq Çunla tanış edib. Müsahibimizin sözlərindən məlum olur ki, tarixin bir sıra böyük ustaları tanımasına məhz bu stereotiplər mane olub.

- Dünyada Vinq Çunun əsas fiqurları kimlərdir?

- Bu növ İp Mandan sonra onun oğulları İp Çun və İp Çin tərəfindən yayılıb. Onlardan sonra Vinq Çun məktəbinin 3-cü nəsil nümayəndəsi Samuel Kvok gəlir. Mən dünyada bu növün 4-cü nəsil davamçısı sayılıram.

- Bir neçə dəfə Çində Şaolin məbədlərində olmusuz. Həqiqətən, orda kinolarda gördüyümüz səviyyədə ustalar var?

- Həmin ustalar kamera önünə çıxmaqdan imtina edirlər. Onların döyüşlərini, məşqlərini sadəcə öz gözünlə görməlisən. Bizim təsəvvür etdiyimizdən də qat-qat güclüdürlər.

- Söhbət kinodan düşmüşkən, Vinq Çun haqqında da bir sıra filmlər çəkilib...

- Vinq Çunu "Böyük usta" İp Mandan sonra 60-cı illərdə Brüs Li dünyada məşhurlaşdırıb. Bu əfsanəvi döyüşçü də Vinq Çun məktəbinin yetirməsidir. İp Man haqqında son illər bir neçə film çəkilib. Son 10 ildə qeyd olunan amil bu növə milyonlarla insanı cəlb edib.

- İp Manın həyatından bəhs edən bədii filmlərdə Vinq Çunun karate, boks, tayboks, kunq-funun digər stillərinə üstünlüyünü müşahidə edirik. Real həyatda da belədir?

- Sadalanan döyüş növləri əsasən idman yarışlarına hesablanıb. Orda müəyyən qayda, çərçivə, raundlarla döyüş, hakim var. Vinq Çunda isə heç bir qayda yoxdur. Ustalar əsrlərlə bu döyüş sənətini püxtələşdirib. Kunq-funun 72 növündən effektiv texnikalar Vinq Çuna daxil edilib. Bu növ zəif insanın güclü rəqibinə qalib gəlməsinə əsaslanır.

- Filmdə çəkilməyə dəvət alsanız, qəbul edərsiniz?

- Yaradıcı insanam. Müxtəlif vəzifələrdə çalışmaq üçün dəvət gəlib. Məni Vinq Çunun Azərbaycandakı 10-15 il sonrakı perspektivi maraqlandırır. İstəyirəm ki, yaş kateqoriyası və cinsindən asılı olmadan hər kəs bu növlə məşğul olmaq imkanı qazansın. Çünki hər bir insan özünümüdafiəni bacarmalıdır. Buna görə vaxtımı əsasən məşqlərə, təlimlərə ayırıram. Amma hər hansı filmdə rol təklif etsələr, niyə də olmasın?

- Boş vaxtlarınızdan necə istifadə edirsiniz?

- Düzü, gündəlik rejimim planlaşdırılmış qaydadadır. Hər gün zalda oluram. Təkcə bazar günləri istirahət edirəm. Onda da öz üzərimdə işləyirəm ki, səhəri gün tələbələrimə nəsə öyrədə bilim.

Taksi sürücüsü axırda dedi ki, bunları məhv etmisən, daha nə lazımdır?

Məşqdə diqqətimizi bütün yaş qruplarından nümayəndələrin olması cəlb edir. Asif müəllim təbliğ etdiyi növün praktik və sadə olmasına görə sərhəd tanımadığını bizə başa salır. "Vinq Çun şou deyil, burda döyüş maksimum 10 saniyəyə bitməlidir" - deyir Asif Sayadov. İlk baxışdan sakit təsir bağışlayan ustanın real həyatda döyüş bacarığını sınaq keçirib-keçirmədiyini soruşuruq. Cavab kifayət qədər məntiqlidir. "Bəzən konflikt özü gəlib səni tapır. Sənə düşən özünü və zərurət halında zəifi müdafiə etməkdir".

- Vinq Çunun real küçə döyüş olduğunu dediniz. Bəs, özünüz bunu kiməsə qarşı tətbiq etmisiz?

- İş ondadır ki, əsasən başqalarını müdafiə etmək üçün döyüş bacarığımı işə salmalı olmuşam. Belə hallar o qədər də çox deyil. 35 ildir idmanla məşğul oluram, 35 dəfə dava etməmişəm. Kimisə qorumaq üçün döyüşüm isə 3-5 saniyədən artıq çəkməyib.

- Başınıza hansı maraqlı hadisə gəlib?

- Avtobusda bir qrup gənc telefonumu oğurlamışdı. Bir nəfərin tələsik nəqliyyat vasitəsindən düşüb qaçması məni şübhələndirdi. Telefonumu yoxladım, gördüm yoxdur. Düşdüm, qaçdım dalınca. Onu zərərsizləşdirdim ki, bir neçə nəfərin məni mühasirəyə aldığını gördüm. Bəzilərində bıçaq və ülgüc də vardı. Təxminən 5-6 saniyədən sonra hamsı yerdə idi. Təvazökarlıqdan uzaq olsa da, bir şeyi də qeyd edim. Elə vəziyyətdə idim ki, onları taksiyə yığıb polis bölməsinə aparmaq istəyirdim. Taksi sürücüsü axırda dedi ki, bunları məhv etmisən, daha nə lazımdır? Çıx get evinə.

Bir hadisə də yadıma düşdü. Metroda iki nəfər bir cütlüyə sataşırdı. Oğlan aciz durumda idi, situasiyanı görməməzlikdən gəlirdi. Həmin iki nəfərə susmaqda "kömək etdim" (gülür). Növbəti stansiyada onları polisə təhvil verdik. Həyatda hər şey ola bilər. Buna görə gümrah, hazırlıqlı olmaq lazımdır. Gün ərzində ən azı yarım saat özünümüdafiə üçün texnikaları məşq etməkdə fayda var.

- Bəs, xarici ölkələrə səfəriniz zamanı belə hallar baş verib?

- Xeyr. Şükürlər olsun, sağ-salamat gedib qayıtmışıq. Məsələn, sonuncu iştirak etdiyim seminarda 36 ölkədən nümayəndə vardı. İngilis dilində ünsiyyət saxlayırdıq, hamı bir-birinə qardaş kimi yanaşırdı. Vinq Çun özü böyük bir ailədir.

- Çinlilərin qida rasionunda bizim üçün xarakterik olmayan heyvanlar yer alır. Siz orda bunlardan dadmısız?

- Xeyr. Heç fikrim də olmayıb. Bilmədən bir şey yemişəm. Düzü, zərərini görmədim. Amma belə şeyləri təklif etsələr, yemərəm.

- Sizin 2 övladınız var. Yəqin ki, onlara da bu döyüş sənətini öyrədirsiniz...

- Bəli, 5 yaşından Vinq Çunla məşğul olurlar. Bir müəllim və ata kimi çalışıram ki, onlar həyatda sağlam olsunlar. Lakin sıfr bu istiqamətdə qalmağa onları məcbur etmərəm. Hər kəsin seçim hüququ var.

- Məşqlər dərslərinə mane olmur?

- Xeyr, hər ikisi əlaçıdır. Əksinə məşq günləri dərslərinə daha fəal hazırlaşırlar. Bilirsiz ki, zehni yorğunluğu idmanla aradan qaldırmaq sınanmış üsuldur.

- Həyatda hansı arzunuz var?

- Bir neçə arzum var. Şablon fikir olmasın. İstərdim ki, nə vaxtsa işğal olunmuş rayonlarımızda da Vinq Çun məktəbləri, klubları açılsın. Bundan başqa ölkəmizdə Vinq Çun federasiyasının yaradılması, müxtəlif yaş qruplarından olan insanlara xidməti davam etdirmək kimi arzum var.

- Qarşıdakı planlar barədə danışardınız.

- Yaxın günlərdə dərəcə imtahanları olacaq. İmtahanı uğurla keçən tələbələrə dərəcəsini təsdiq edən beynəlxalq sertfikat veriləcək. Bu, hər 6 yadna bir təşkil olunur. Klubumuzda yeni müəllimlər yetişməkdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail